Ukrayna ətrafında tənzimlənmə təxirə salınır| Aİ-nin Qafqazdakı fəaliyyətləri çıxılmaz vəziyyət yaradır

2025/03/2025--1741674690.jpg
Oxunub: 662     15:26     29 Mart 2025    
Martın 27-də Paris Avropanın 31 ölkəsinin liderlərini qəbul edib. Beynəlxalq mətbuat bu konfransı “qətiyyətlilər koalisiyası” adlandırıb. İştirakçılar iki əsas məsələdə radikal mövqe nümayiş etdirirlər: Ukrayna dəstəklənməyə davam edəcək və atəşkəs üçün Rusiyanın kənd təsərrüfatı məhsulları və mineral gübrələrin ixracına tətbiq olunan sanksiyaların ləğvi şərti qəbul edilmir.

Paris konfransının ümumi mövqeyini Böyük Britaniyanın Baş naziri Kir Starmer ifadə edib. Onun fikrincə, Vladimir Putin müharibəni dayandırmaq və davamlı atəşkəs yaratmaq niyyətində deyil, ABŞ ilə danışıqlarda vaxt qazanmağa çalışır, çünki müharibə tam sürətlə gedir.

Ukraynada atəşkəs üçün Avropa İttifaqının sanksiyalarının qismən ləğvini şərt qoyaraq, Rusiya prezidenti ilk növbədə Vaşinqton-Brüssel münasibətlərində ciddi gərginlik yaradır. Səudiyyə Ərəbistanında danışıqlar ABŞ prezidenti üçün daxili siyasi əhəmiyyət daşıyır və hər hansı uğursuzluq onun nüfuzuna zərbə vurur.

Eyni zamanda, Putinin şərti Avropa İttifaqında fikir ayrılığına yol aça bilər. Macarıstan artıq Ukraynaya dəstək qərarını bloklayaraq xarakter göstərir. Digər ölkələr Budapeştin nümunəsini izləyə bilərmi? Bu, yəqin ki, Ukraynadakı vəziyyətdən asılı olacaq. Avropa İttifaqı və onun aparıcı ölkələrinin mövqeyi, əlbəttə ki, Ukraynaya olan “sevgidən” irəli gəlmir. Rusiya və ABŞ Avropanın gələcəyini müzakirə edirlər, lakin Moskva Brüssel, Paris və ya Berlinin bu danışıqlarda iştirak etməsini qətiyyən istəmir. Xüsusən də münaqişədən sonrakı Ukraynada Paris-Berlin-London üçlüyünün iştirakına qarşı çıxır.

Qərb ekspertləri isə əmindirlər ki, ciddi təhlükəsizlik və iqtisadi zəmanətlər olmadan Ukrayna siyasi suverenliyini qoruya bilməz. Bu baxımdan, Parisdə Ukrayna prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltsu tənqid edib, çünki o, vəziyyətlə bağlı Rusiya tezislərini təkrarlamağa davam edir.

Ukrayna tənzimlənməsi ətrafında yaranmış vəziyyət Ermənistanla “Sülh Müqaviləsi” imzalanması məsələsində Azərbaycanın mövqeyini daha da gücləndirir. Prezident İlham Əliyevin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov martın 27-də sənədin təsdiqinin əvvəlcədən şərtləndirilməsi üçün Ermənistanla sərhəd bölgəsindən üçüncü tərəfin hərbi iştirakının çıxarılmasını tələb edib.

Əlbəttə, söhbət Avropa İttifaqının təxribatçı müşahidəçilərindən gedir ki, Bakı haqlı olaraq onları üçüncü tərəfin hərbi qüvvəsi kimi qəbul edir. Bu məsələdən bir neçə dəfə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Zaxarova bəhs edib və ilin əvvəlində Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosu Ermənistanda avropalı müşahidəçilərin casusluq etdiyini bildirib.

ABŞ dövlət katibinin Ermənistan baş naziri ilə telefon danışığı və Ermənistanın Avropa İttifaqına üzvlük prosesinə dair qanunun ikinci oxunuşdan keçməsindən sonra vəziyyət daha da gərgin hal alır. Bu mənada, Cənubi Qafqazda Avropa İttifaqının iştirakına qarşı hərəkətlərdə Moskva və Bakının addımları üst-üstə düşməyə bilməz. ABŞ prezidenti Donald Trampın “Ukrayna tənzimlənməsi mega layihəsi” açıq-aşkar dalana dirənib. Moskva bildirib ki, “Zaporojye AES”in idarəçiliyinin Kiyevə qaytarılması və ya üçüncü ölkəyə verilməsi ideyası qəbul edilə bilməz, çünki “Zaporojye vilayəti referendumla Rusiyaya qoşulub”.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna    


Bizi "telegram"da izləyin